Durub beynəlmiləlçilik, qardaşlarımız arasında qardaşlıq, bağlılıq, təmaslar, əlaqələr və fəsməkan barədə yazıb nə öz vaxtımı xərcləmək istəməm, nə də sizin başınızı ağrıtmaq. "Sizin" yazanda bu nə mədəni xitab formasıdır, nə də fərdin nəzərə alınmadığı kütləyə üztutma.
Sizin, yəni sən ləzginin, sən avarın, sən saxurun.
Boğazdan yuxarı kəlmələrə ikrahım var və onlara heç zamian inanmamışam. Rəsmi bəyanatlar, məmurların dedikləri, qəzetlərdəki üşümüş cümlələr əksər zaman həqiqət donu geydirilmiş yalandı çünki.
Fəqət, ləzgi Faiq, avar Maqomed, saxur Murad var, onlara inanmamaq mümkün deyil. Və bu kəslər də deyirlər ki, heç nə demək istəmirlər.
Gerçəkdən də belədir.
Azərbaycan Qafqazdır. İki kişi - əgər onlar kişidirsə - bir-birinə komplimentlər söyləməz, səmimi hisslər əyan edilməz.
İki qardaşın bir-birinə sədaqət və etibarını bəyan etməsinə bir hacət duyulmadığı kimi.
Faiq, Maqomed, Murad soruşurlar ki, bəs belədirsə, aramızı vurmaq istəyənlər çox. Razılaşıram hər dəfə.
Dəxi böyük dövlətlərin kiçik Qafqazdakı böyük oyunlarından bəhs etmirəm: bu saqqız bezdirib artıq.
Qardaşlarım aravuranların varlığını bilsələr də, konkret tanımadıqlarını deyirlər. Çünki hansısa "şər qüvvələr", "separatçılar", "məkrli niyyətli adamlar" dedikldə insan çətinlik çəkir, arayır, axtarır. Bəşər övladına nəyisə dedinmi, vizuallaşdırmağın gərəkir. Yəni buyur, bax.
Ya da "filankəslər" söyləmək əvəzinə, konkret adlar çəkmək və "eşit, bunlardan bəhs edirəm" demək daha caizdir.
Qardaşlarımın nə zamandan bəri cavab aradıqları, düşündükləri, çözümünü tapmağa çalışdıqları sualın ritorikliyini sındırmaq zamanı artıq.
Zaqalav Əbdülbekov, Qairbəy Əbdürəhmanov, Xasmuxammad Əbubakarov, Əbdürəhman Aduxov, Timur Aytberov, Əli Əliyev, Xuri Buşdiyeva, Hacı Hacıyev, Nazim Hacıyev, Əlisultan Qazımaqomedov, Maqomed Hüseynov, Musa Ömərov, Abbas Ramazanov, Marko Şahbanov...
Bu ad və soyadlara yaxşı nəzər salın.
Azərbaycanda "avar, ləzgi və saxurların daim təzyiqlərə məruz qalması" barədə fasiləsiz təbliğat aparan, Dağıstan prezidenti Muxu Əliyevdən tutmuş Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşmək istəyən, Azərbaycandakı avar, ləgi və saxurlar arasında separatçılığın kəsif toxumlarını səpməyə cəhd göstərən kəslərdir bunlar.
Azərbaycana və azərbaycanlılara qarşı apardığı işlərdə İ.Yarəliyevin "ən sadiq dost"u Məhərrəmkənd rayonu administrasiyasının başçısı Musaəfəndi Vəlimuradovdur. Lakin son vaxtlar "Axtı rayonun başçısı Safidin Mürsəlov da İ.Yarəliyevin pullarına şirnikərək ona qoşulub.
Sabiq baş prokuror və ləzgi xalqının marionetka "lider"i Süleyman Stalski rayonunda da mövqelərini möhkəmlətməyə çalışsa da, yerli "lidercik"lər Nizami Butayevlə Nadir Allahquliyev İ.Yarəliyevdən pulu alandan sonra ona dönük çıxıblar.
Siyahını davam etdirək.
Mahaçqalada çıxan "Çernovik" qəzetinin baş redaktoru Rəsul Xaybullayev, milyarder Süleyman Kərimov, Dərbəndin meri Feliks Qazıəhmədov, Dağıstanın Rutul rayonunun icra başçısı Davud Süleymanov, uğursuz siyasətçi İbrahim Qazıbəyov, Maqomed Hacıyev, Rizvan Qurbanov, Əbdülhəmid Əmirqəmzəyev, Cəbrayıl Şıxəliyev, Dağıstanın sabiq baş prokuroru İmam Yarəliyev...
Azərbaycandakı ləzgi və avarları "ayağa qaldırmaq" istəyənlərə gizli dəstək verən, amma istənilən halda bunu qətiyyətlə təkzib edəcək adamların siyasıhı çox geniş.
Dərbəndin meriya binasının yanında, qala divarlarının qarşısında, Narın-Qalayadək olan məkanda olan məhəllələrin hamısı azərbaycanlılardır. Dağıstanlılar onlara "maqallılar", yəni "məhəlləlilər" söylərlər.
Onlar yaxınlaradək Dərbənd Konyak Zavodunun direktoru Murad Hacıyevi ağsaqqal sayırdılar. Anası yerli azərbaycanlı, atası dargin olan Hacıyevi soydaşlarımızda darginlər də nüfuzlu adam bilirlər.
Fəqət, Dərbənddə indi Qazıəhmədovun təsiri artır və Murad Hacıyev nə nə edəcəyini düşünür.
Doquzpara və Tabasaran rayonlarının başçıları Kərimxan Abbasovla Nurmaqomed Şıxmaqomedovun arasındakı didişmə səngimədiyindən, "Sadval"la "Şeyx Şamil"in təsiri artır.
Nəsir, Niyaz və Nəriman Pirimov qardaşları, Bunyamin Əsgərov, Nəsir Cavadov, Fəxrəddin Qənbərov kimi nüfuzlu və pullu adamlar birləşmək əvəzinə, bir-birlərinə qənim kəsiliblərsə, Dərbənddəki azərbaycanlılar başlarına nə çarə qılsınlar?
Dərbənd, Tabasaran, Axtı rayonlarında və Dağıstanın cənubundakı digər məkanlarında xeyli müridi olan Xurikli Siracuddinin "dini lider"liyinə qarşı Dağıstandakı azərbaycanlılar, Azərbaycandakı avar və ləzgilər nə etdilər?
Heç nə.
Dağıstandakı ləzgilər Asanbuda Nyudurbegovun Azərbaycan barədə dediyi hədyanları və bu yaramazın "Sadval"la əlaqələrini, qocalıqda sarsaqlamağa başlamış separatçı general Mühiddin Qəhrəmanova olan "sevgi"sini bilmirlərmi?
Bilirlər, amma laqeyd qalırlar.
Axtıdakı Süleyman Plaçev, onun əmisi və "Ağ Durnalar" xeyriyyə fondu ilə "Daqestanskaya Jizn" qəzetinin rəhbəri Gərayxan Plaçevin Mahaçqala administrasiyası ilə əlaqələrini, buradan da "Sadval"ın necə faydalanmasından Bakıda xəbərdardılarmı?

