Son vaxtlara qədər ABŞ Ermənistanda gedən siyasi proseslər barədə konkret açıqlamalar vermir, Rusiyanın Cənubi Qafqazdakı forpostunu izafi diqqətlə daha da hürküdüb rəsmi İrəvanda Kremllə meylli siyasəti gücləndirmək istəmirdi.
Ystəlik də Birləşmiş Ştatlardakı erməni diasporu rəsmi Vaşinqtona Ermənistana qarşı sərt addımlar atmağa imkan vermirdi. Daha dəqiq olsaq, Ağ Ev ermənilərin xətrinə dəymək istəmirdi və bu "mehriban himayə" ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ucbatından bir qədər də güclənmişdi.
Nə Buş administrasiyası, nə də Demokrat və Respublikaçılar Partiyaları yarım milyondan artıq erməni seçicinin səsindən məhrum olmaq istəmirdi.
Lakin Vaşinqtonun da səbr kasası artıq daşır.
Ermənistanda keçirilən prezident seçkiləri adlı tragikomediyadan sonra Robert Köçəryanın postunu sağ əli və "Boz kardinal" ləqəbiylə ad çıxarmış müdafiə naziri Serj Sərkisyana verərək İrəvanın Kremldən asılılığını daha da artırmasnı ABŞ ilk əvvəl sakitliklə izləsə də, "Serжik"in dövlət başçısı kürsüsündəki davranışı amerikalıları sinirləndirməyə başlayıb.
Birləşmiş Ştatlar Ermənistandakı prezident seçkilərinin gedişatına, sonra da sabiq prezident Levon Ter-Petrosyanın tərəfdarlarının "narıncı inqilab" cəhdlərinə qarışmamışdı.
Lakin ABŞ Dövlət Departamentinin hesabatı və Ağ Ev rəsmilərinin son bəyanatları "Sem dayı"nın qəzəblənməsinin nişanəsi sayıla bilər.
Ermənistan rəhbərliyi İranla çox sıx əlaqələrinə və sərhədlərində az qala şəffaf keçid reжimi yaradaraq ölkəni terrorçular üçün tranzit məkana döndərməkdə suçlanır.
Bəlli ki, Birləşmiş Ştatlar digər dövlətlərə çeşidli ünsürlər və göstəricilər baxımından qiymət vermək istəyi ilə məşhurdur. Bu işi çoxsaylı qeyri-hökumət təşkilatları ilə bahəm Dövlət Departamenti də yerinə yetirir.
Departament dünya dövlətlərini söz azadlığı səviyyəsi, demokratiyanın inkişafı, korrupsiya və rüşvətxorluqla bağlı durum, habelə digər amillər üzrə qiymətləndirir.
Qlobal miqyasda beynəlxalq terrorizmlə mübarizəyə gəldikdə isə, bu sahədə ABŞ heç bir dövlətə, hətta müttəfiqlərinə güzəştə getmir.
Və Amerika hesab edir ki, terrorizmi dəstəkləyən İranla Ermənistan arasında əlaqələr onun regiondakı maraqları ilə kəskin ziddiyyət təşkil edir.
Məhz bu səbəbdən Ermənistan-İran münasibətlərinin güclənməsi Ağ Ev tərəfindən İrəvanın beynəlxalq terrorizmə dəstək verməsi təki qiymətləndirilir.
Qərb əmindir ki, İran nüvə proqramını həyata keçirib uranın zənginləşdirilməsi ilə bağlı işlər aparmaqla nüvə silahı əldə etməyə çalışır. ABŞ da İrana təzyiq göstərib onu nüvə proqramından əl çəkməyə məcbur etmək üçün əlinə düşən hər imkan və fürsətdən istifadə edir.
Bundan başqa, ABŞ İranı qonşu İraqdakı vəziyyəti daim vətəndaş müharibəsi astanasında saxlamaqla məşğul olan yaraqlılara təlim keçmək və onları silahlandırmaqda suçlayır.
Amerikalılar hesab edirlər ki, İran prezidenti Mahmud Əhmədinecatın ötən ilin oktyabrında Ermənistana rəsmi səfəri, sonra da İranın müdafiə nazirinin viziti İrəvanla Tehran arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.
Gerçəkdən də, İrəvanla Tehran qarşılıqlı diplomatik əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutan müqavilələr imzalamaqla bahəm, energetika və nəqliyyat sahəsində birgə layihələri reallaşdırırlar. Eyni zamanda, Azərbaycanla elan edilməmiş müharibə, Gürcüstanla isə elan edilməmiş düşmənçilik vəziyyətində olan Ermənistanın nəqliyyat blokadasında olub regiondakı bütün enerжi, infrastruktur və transnəqliyyat layihələrindən kənara qalması İrəvanı xilaskar saman çöpü qismində İrandan yapışmağa vadar edir.
Bu səbəbdən də Ermənistan İranı tənqid etməkdən çəkinir, Tehrana qarşı sanksiyalar tətbiq edən ölkələrə qoşulmaq istəmir.
ABŞ-ı da narahat edən elə budur.
Çünki İranla həmsərhəd olan Ermənistan amerikalıların nəzərində artıq sərhədləri şəffaf, nəzarət-buraxılış reжimi isə bərbad olan ölkə, terrorçular, çirkli pullar və narkotik maddələrin azad hərəkət etdiyi tranzit ərazidir.
Bütün bunlar həqiqətdir, lakin ABŞ-ın transkripsiyasında yox. Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində dünyanın hər hansı ölkəsindən buraya Ermənistan vasitəsilə gəlmiş terrrorçuların təlim düşərgələri quraraq hazırlıq keçmədiklərinə, faktiki "qara dəlik" olan və kimsə tərəfindən tanınmayan separatçı-terrorçu reжim tərəfindən idarə edilən ərazilərdə narkotik plantasiyalarının olmadığına, "çirkli pulların" Ermənistandakı banklar vasitəsilə Xankəndində müxtəlif məqsədlərlə çeşidli şirkətlərin adlarına köçürülməsi və sonradan da həmin paraların geriyə ödəniş transfertləri qismində qayıdaraq İrəvandan da dünyanın müxtəlif banklarına yollanmamasına ABŞ təminat verə bilərmi?
Çətin.
İrandan isə Ermənistana hələlik terrorçu və ya çirkli pullar keçmir. Ona görə yox ki, İranda terrorçu yoxdur: var, buna İran ərazisində həyata keçirilən terror aktlarını trivial dəlalət dəlalət saymaq olar. Fəqət, Tehran Ermənistanla sərhədini boş tutmaq niyyətində deyil: ümumiyyətlə, sərhədləri şəffaf saxlamaq İrandakı hakimiyyətin adət etmədiyi nəsnələrdən biridir.
Belədə, Ermənistana qarşı irəli sürülən ittihamlar əslində İrana qarşı yönəlmiş və sübuta ehtiyacı duyulmayan həqiqət kimi qələmə verilən suçlamalardır.
Vaşinqton israrla bildirir ki, İrəvan-Tehran münasibətlərindən hər iki tərəf maksimum dərəcədə yararlanmağa çalışır. Ermənilər üçün İran iqtisadi-siyasi partnyor və enerji ilə pul mənbəyidirsə, İran Ermənistanı Cənubi Qafqazda aşkar qərbyönlü və ABŞ-a meylli siyasət yürüdən Azərbaycanla Gürcüstanın mövcudluğu şəraitdə regional "tərs çəki" kimi görür, ermənilərdən də məhz bu məqsəd üçün istifadə etməyə çalışır.
ABŞ qəzəbinin çəkisi ilə tərs çəkiyə dönmüş Ermənistanın İranla münasibətlərlə hiyləgərlik, tamah və siyasi-iqtisadi dividendlər əldə etmək istəyinin qarşıdurmasının nə ilə bitəcəyi isə çox yaxın zamanlarda bilinəcək. Ən azı ona görə ki, Tehran qarşı tərəfdə kimlərin durduğunu və ondan necə istifadə etməyə cəhd göstərdiyini anlamamış deyil.

