Reklam verin!
May 17, 2008 11:09 tarixində, Mahatma tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:57

"Və sairə", yəni "və s."
Bu kəlməni oxuyur, eşidir, yazır və deyirik.
Tam halda yeddi, qısaldılmış, yəni ixtisar formasında isə üç hərfdən ibarət olan bu kəlmənin dəyəri həddən ziyadə ucuz və olduqca baha ola bilər. Deyənin kimliyi və nədən danışmasından asılı olaraq "və sair"ənin qiyməti heç nədən tutmuş, ağlagəlməz sərvətə qədər artır.
rusvet


Məsələn, hansısa işsiz, yoxsul və ya bir başqasının "və sairə"sinin dəyəri praktiki olaraq, heçdir. Yoxsulun nəyi var ki, onun və sairəsi də nə olsun.
Jurnalistin "və s."-nin dəyəri onun həmin kəlməni işlətdiyi cümləsindən, bəhs etdiyi adamlardan asılıdır.

Məsələn, indi götürüb yazsam ki, "bu gün işləməliyəm, çalışmalıyam, məqalə və s. yazmalıyam" - sayğılı komariş, bax, buradakı şoğərib "və s."yə qara qəpik də vermək olmaz. Zira bu məmləkətin orta statistik adamı qəzet oxumur, oxuduğuna da inanmır, inanırsa da unudur, unutmursa da səsini çıxarmağa qorxur və boynunda oturub ayaqlarını aşağı sallamış həpənd nazir, rəis, məmur və deputatlara "rədd ol" deməyə özündə cürət tapmır.
Şayət nazir "bu gün restorana gedəcəm, məşuqəmlə oturacam, söhbət edəcəm və s." deyərsə, buradakı "və sairə" çox tərbiyəsiz və pis olur ki, onun da babalı ayıb işlər görən, Oskar Uayld təki "ətrafda vəhşətdir, cənablar" deyənlərə səbəb verən şorgöz və zövqsüz nazirin boynundadır.
"Və sairə"nin ən qiymətli olduğu məkan Milli Məclisdir.
2008-ci ilin dövlət büdcəsinə edilmiş dəyişikliklər ölkənin toplam pullarının bir qismini elə "və sairə"yə yollayıb ki, həmin paralarla on minlərlə yoxsulu aylarla yedirtmək, içirtmək, hətta Türkiyədən gələsi Tarakanın konsertinə aparıb çəpik çalıb fit vermələrinə, ən ehtizazlıların da göbək atmalarına imkan yaratmaq olardı.
Nazirlər və deputatların "və sairə" dedikləri məsələlərdən biri də yalan danışmalarıdır.
Utanmadan, çəkinmədən, simalarına İlflə Petrovun "mavi oğrucuq"unun ifadəsini verərək.
Onlar, yəni az öncə haqlarında bəhs etdiyim adamlar deyirlər ki, dövlət büdcəsi ölkənin qeyri-neft sektorundan əldə edilən gəlirlərin artımına hesablanıb və həmin sektor da inkişaf edir.
Halbuki indi dövlət büdcəsinin 1/3 hissəsindən çoxu Neft Fondunun vəsaitləridir.
Bu yalanı da gizlətmək üçün hakimi-mənsəblər növbəti dəfə yalan danışaraq söyləyirlər ki, bəs Azərbaycan Dövlət Neft Fondunun fəaliyyət prinsipinin əsası qismində Norveç Neft Fondunun işi götürülüb.
Və yenə də halbuki Norveçdə Neft Fondunun pulları dövlət büdcəsində 4%-dən artıq olmur.
Deyirlər ki, büdcəyə ediləcək dəyişikliklərdən sonra oradakı pulların 40%-ə qədəri investisiyalara xərclənəcək.
Amma hansı investisiyalara, layihələrə - deyilmir və bunu ölkənin neft pullarını sümürənlərdən başqa kimsə bilmir.
Həqiqət isə budur ki, dünya bazarında neft və təbii qazın qiymətlərinin bahalaşması ilə bağlı büdcəyə gələn gəlirlərin artan hissəsinin yalnız 10,5%-i (!) təhsil, səhiyyə, sosial müdafiə və təminata xərclənəcək. Əlavə pulların tam əksəriyyəti isə mifik "investisiya layihələri" üçün nəzərdə tutulub ki, onlar da yekə sirdir.
Dövlət büdcəsinin 11%-i, yəni 1,2 milyard manat Milli Məclisdəki qanun layihəsində "və s." kimi göstərilmiş maddə ilə xərclənəcək.
O pullar nə üçün nəzərdə tutulub və həmin "və sairə" hansı istiqamətləri ehtiva edir - bəlli deyil.
Büdcəyə yenidən baxılması, xüsusilə də dövlət xərclərinin qəfil artırılmasını izah etməyə çalışan məmurlarla "dəstəkləyən" deputatların dedikləri əsla inandırıcı deyil.
Çünki büdcənin ümumiyyətlə, belə dəyişikliyə ehtiyacı yoxdu.
Ən azı ona görə ki, Dövlət Neft Fondundan köçürmələr büdcənin bu təşkilatdan asılılığını artıq 70% çatdırıb. Həmin rəqəm isə kritik hədd, uçurumun astanasıdır.
Nazirlər Kabinetinin büdcə siyasəti və ölkənin sosial-iqtisadi inkişafının qarşısında duran əsas məqsədlər arasında tam əkslik var. Durmadan artan inflyasiya və bahalaşma şəraitində əhalinin çəkdiyi əzabı qismən də olsa, yüngülləşdirmək üçün sosial xərcləri artırmağa gələndə bu adamlar əlləri əsə-əsə qərar verir və mikroskopik "artım"lar edirlər.
İnvestisiya layihələrinə gəldikdə isə heç bir məhdudiyyət tanımır və tanımaq da istəmirlər.
Səbəb çox sadədir.
Sosial proqramlarda yüz milyonlarla manatı ən müxtəlif adlarla mənimsəmək azacıq da olsa, çətindir.
"İnvestisiya layihələri"ndə isə bolluca varlanmaq imkanı yaradan xeyli "və sairə" adlanan "xərclər" maddələri var.
Vətəndaşların cibindən oğurlanan, boğazından kəsilən və sürətli bahalaşmanın müqabilində təhqiramiz məbləğ olan "maaş və müavinət artımları"nın yanında o "və sairə"lər çox əxlaqsız təsir bağışlayır.
Bəlkə belə deyil, cənab nazirlər, millət vəkilləri, komitə sədrləri və sairələr?
rusvet
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha