Reklam verin!
May 17, 2008 14:39 tarixində, Mahatma tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:51

Britaniyanın "The Daily Mail" qəzetinin dünənki sayının əsas yazısının başlığı belədir.

Beyrutda isə yenə savaş gedir.

Radikal şiə hərəkatı olan "Hizbullah"la parlament çoxluğunun lideri, mərhum baş nazir Rafiq Həririnin oğlu Səadın başçılıq etdiyi "Gələcək Uğrunda Hərəkat"ın sünni yaraqlıları arasında amansız qarşıdurma var.

 Beyrut

"Hizbullah" mayın 10-da ələ keçirdiyi şəhərin qərb məhəllərini boşaldır. Beyrutun şərq, xristianlar yaşayan məhəllərinə qaçmış "qərblilər" isə evlərinə qayıtmağa başlayıblar.

Livan 1975-1990-cı illərdə ölkəyə qan qusdurmuş 15 illik vətəndaş savaşını xatırladacaq yeni iç müharibə astanasındadır.

Bu münaqişənin kökləri yetərincə qarışıqdır. Ola bilər ki, "Hizbullah"ın sinirlənməsinin səbəbi mayın 7-dəki genişmiqyaslı etiraz tətilidir. Küçələrə çıxan insanlar hökumətdən qida məhsullarının nəzarətsiz bahalaşmasını və iş yerlərindən kütləvi ixtisarları dayandırmağı tələb etmişdilər.

Etirazlar iğtişaşlara döndü, küçələrdə atışmalar başlandı, barrikadalar peyda oldu.

Lakin "Hizbullah" bu hadisələrdən hakimiyyətə qarşı hərbi əməliyyatlara başlamaq üçün yalnız bir vasitə kimi istifadə etdi.

Əsas məqam isə odur ki, Livan hakimiyyəti "Hizbullah"a məxsus "Əl Mənar" telekommunikasiya şirkətinin fəaliyyətinin dayandırılması, hərəkatın fərdi telefon şəbəkəsinin qapadılmasına qərar vermişdi.

99 min rəqəmsal xətti olan bu şəbəkə "Hizbullah" üzvləri arasında əlaqə üçündür: Livan hakimiyyətin həmin şəbəkə üzərində heç bir nəzarət imkanları yoxdur.

Bundan başqa, bəlli olmuşdu ki, "Hizbullah" Beyrutun beynəlxalq hava limanının uçuş zolağında qanunsuz olaraq gizli müşahidə videokameraları quraşdırıbmış.

Daha dəqiq olsaq, Livanın müdafiə naziri Elias Mürrün ordu kəşfiyyatının rəhbərindən aldığı məxfi məruzədə bildirilirdi ki, Beyrut hava limanının yaxınlığında, "Hizbullah"ın nəzarətində olan ərazidə 17-ci uçuş-enmə zolağına yönəlmiş məxvi videomüşahidə kamerası var. Həmin zolaq isə Livanın rəsmi şəxslərinin təyyarələri və hərbi vertolyotlar üçün nəzərdə tutulub.

Halbuki terakt və sui-qəsd təhlükəsindən dolayı Livanın bütün nüfuzlu siyasətçiləri ilə ölkəyə gələn yüksək çinli qonaqların hərəkət marşrutları ilə vaxtı gizli saxlanır.

Baş nazir Fuad Sinyoranın göstərişi ilə hava limanının təhlükəsizlik xidmətinin rəhbəri, "Hizbullah"la əlaqələrdə şübhəli bilinən Vafiq Şükər işdən qovuldu, üstəlik İranın "İran Air" aviaşirkətinin təyyarəlrinin Beyruta uçuşları yasaqlandı. Sinyoranın dediyinə görə, İran təyyarələri "Hizbullah"a silah və sursat daşımaqla məşğuldur.

"Hizbullah" lideri şeyx Həsən Nəsralla da bildirdi ki, hakimiyyət dairələri qərarlarını dəyişməyincə silahı yerə qoymayacaqlar. Onun dediyinə görə, hərəkatın hərbi və siyasi strukturları arasında qarşılıqlı əlaqəni təmin edən telefon şəbəkəsi "Hizbullah" üçün həyati önəm daşıyır.

"Bizim hərəkatımızı bu minvalla tərksilah etmək, zəiflətmək istəyən istənilən adamın əllərini kəsərəm. Bu adam atam olsa belə", - Nəsralla söyləyib.

Fəqət, telefon şəbəkəsi və Beyrut hava limanının təhlükəsizlik xidmətinin işdən qovulması da "Hizbullah"ın küçələrə çıxmasının səbəbləri yox, münaqişənin katalizatorlarıdır.

Əsas səbəb odur ki, Livanda aylardan bəri prezidentin seçilməməsi və siyasi böhranın davam etməsi şəraitində "Hizbullah" sözün əsl mənasında dövlət içində dövlətə dönməkdədir.

"Hizbullah" Livan hakimiyyətini ABŞ-ın marionetkası, "İsrailin nökəri" adlandırır.

Parlament çoxluğunun lideri Səad Həriri güzəştlərə gedib və telefon şəbəkəsi ilə hava limanının təhlükəsizlik xidmətinin rəhbəri ilə bağlı məsələr müzakirə oluna bilər.

Daha konkret olsaq, Həririnin rəhbərlik etdiyi sünnilərlə druz Valid Cumblatın lider olduğu Mütərəqqi Sosial Partiya "Hizbullah"a çözüm variantı təklif edirlər.

Həmin varianta görə, "Hizbullah" fərdi telefon şəbəkəsinə Livan ordusunun qismən nəzarət etməsinə və abonentlərin sayının azaldılmasına razılıq verir.

küçələrdəki yaraqlılarını geri çəkir, hava limanının blokadasına son qoyur və ən başlıcası ordu komandanı, general Mişel Sleymanın prezident seçilməsinə razılıq verir.

... "Hizbullah" Beyrutdakı savaşlar zamanı üzərində nəzarəti ələ keçirdiyi "Zərif", "Məlla", "Zokak əl Blat", "Xəndak əl Xamik" sünni məhəllələrini boşaldır.

Amma bu hərəkatın yaraqlılarının dağıtdıqları, Səad Həririyə məxsus olan "Future TV" və "Future News" peyk ilə kabel telekanallarının ofisləri, "Radio-Orient" radiostansiyası və "Əl Müstəqbəl" qəzetinin redaksiyası viran qalıb.

Səad Həriri və Fuad Sinyoranın "Hizbullah" lideri şeyx Həsən Nəsralla ilə dil tapacaqları da bəlli deyil.

Ordu isə işə qarışa bilmir. Çünki hərbçilər irəli çıxarılan kimi onlar silahlarını da götürüb evlərinə yollanacaqlar. Sonra da hər hərbçi mənsub olduğu icmanın - sünni, druz, şiə, maronit - dəstələrinin tərkibində küçə döyüşlərinə qoşulacaq.

Yaxın Şərqdə "Livan möcüzəsi" adlanan nəsnə bütünlüklə məhv olmaq qarşısındadır. Kiçik, daxili qarşıdurma və əksliklərin diddiyi, daha güclü qonşularının qurbanı, amma Yaxın Şərq ölkələrinə xas olmayan rəngarənglik və intellektual azadlığa malik ölkə. Livanda indi Qərbin demokratiyası ilə Şərqin totalitarizmi üzbəüz gəlib. ABŞ-ın "Böyük Yaxın Şərq Layihəsi"nin taleyinin həll olunduğu məkanlardan biri də məhz burası, "Sidr ölkəsi" adlanan dövlətdir.

İllər əvvəl Livanda olanda "Əl Nəhar" qəzetinin redaktoru Cibran Tueni Beyrutun şərq məhəllələrindən birindəki kiçik bistroda oturub başını yelləyirdi:

- Siz bizi anlamazsınız. Bura Şərqin heç bir dövlətinə bənzəmir.

O, "Şərqin Parisi" adlandırdığı Beyrutunu tərifləyir, onun incə havasından və kölgələrinin müsəlmanlarla xristianların evlərinə bərabər paylaşdığı alatoranından vəcdlə danışırdı. Sonra onunla birlikdə Mey Şidiakın hazırladığı "kus-kus"dan dadıb Livanın sidrli demokratiyasının bəlalı özəllikləri barədə qısa spiçi dinlədik.

Danışan Pyer Daherdi.

İndi Pyer Daherin direktoru olduğu "Lbc", Livanın ən populyar özəl telekanalı darmadağın edilib. 2005-ci ilin sentyabrın 25-dəki teraktda sağ əli və sağ ayağını itirən Şidiak isə yenə də жurnalistika ilə məşğul olsa da, artıq onun sözünə qulaq asanq yoxdur.

Livanda indi hamı bağırır, kimsə kimsəni dinləmir.

İslamçılar burada "Hizbullah"ın rəhbərliyi ilə İslam dövləti qurmaq istəyir, sünnilər, druzlar və xristianlar isə Qərbdən dəstək istəyərək buna yol verməməyə çalışırlar.

Livanın sidri içdən çürüdüyündən güclə silkələnir...


Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha