Korrupsiya, işsizlik, hələ də müəyyənləşdirilməyən mənəvi-etik dəyərlərin korşalması, yalançılıq, boş vədlər, apatiya, sosial süstlük, qanunlara bihörmətlik, sabah ümidsizlik, alverçi psixologiyasının yayılması və s. Cəmiyyətimizdəki bəlaların sayını sadalamaq xeyli üzücüdür. Onların hər birini ayrı-ayrılıqda müzakirə etmək, ən yüksək səviyyəli dövlət məmurlarının milyonlarla dollarlıq xalq malını həzm etmələrindən tutmuş orduda bir zabitin əsgəri mobil telefonu üçün kontur almağa vadar etməsinədək çox iyrəncliklərdən bəhs etmək mümkündür.
Kökünə bax...
Korrupsiya, işsizlik, hələ də müəyyənləşdirilməyən mənəvi-etik dəyərlərin korşalması, yalançılıq, boş vədlər, apatiya, sosial süstlük, qanunlara bihörmətlik, sabah ümidsizlik, alverçi psixologiyasının yayılması və s. Cəmiyyətimizdəki bəlaların sayını sadalamaq xeyli üzücüdür. Onların hər birini ayrı-ayrılıqda müzakirə etmək, ən yüksək səviyyəli dövlət məmurlarının milyonlarla dollarlıq xalq malını həzm etmələrindən tutmuş orduda bir zabitin əsgəri mobil telefonu üçün kontur almağa vadar etməsinədək çox iyrəncliklərdən bəhs etmək mümkündür.
Fəqət, səthi sadalamaların mənası yox.
Problemləri həll etmək istəyiriksə, həmin mərəzlərin rüşeym halda olduğu dövrə, bəlanın kökünə nəzər salmalıyıq.
Həmin çirkli, iyrənc, kəsif qoxulu kök isə Azərbaycandakı orta məktəblərdədir.
Təhsil Nazirliyi problemi etiraf edir, hətta onunla mübarizə apardığını da deyir.
Media və ictimai təşkilatlar da orta məktəblərdə rüşvətxorluğun kökünü kəsmək üçün yollar arayırlar.
Bəlanın səbəblərindən biri kimi orta ümumtəhsil məktəblərində müəllimlərin aylıq maaşlarının az olması, bu pulun onların minimum istehlak tələbatlarını ödəmədiyini deyirlər.
Gerçəkdən də, orta məktəblərdə çalışan müəllimlər arasında ayda 50 manat alanı da var.
Və onların sıralarında işlərinə dəlicəsinə vurğun olan vicdanlı, şərəfli, ləyaqətli pedaqoqlar da az deyil.
Sadəcə, "az deyil".
Şərəfsiz, ləyaqətsiz, pedaqoq adına ləkə olanların isə ordu təkidir.
Bunu öz təcrübəmdən bilirəm.
Kiçik oğlum birinci sinifdə oxuyur. Dünən məktəbdə "Əlifba bayramı" keçiriləcəyini dedi, 40 manat istədi.
5 manatı müəllim direktora verəcək - bu, dəmir qayda ilə müəyyən olunmuş paydır.
5 manat "sintezator çalan", 5 manat gül dəstələri üçün, 5 manat şirniyyat və şirələrə, 5 manat.. Vallahi, sonrası yadımda deyil.
6 yaşında uşaq həftədə ən azı 3-4 dəfə pul istəyir.
Məktəb üçün.
Süpürgə, təbaşir, pərdə, təmir, dəftər, kitab, ekskursiya, daha nələrə.
İş mənim oğlumda və bu cocuqdan pul dilənən müəllimi ilə həmin dilənçi müəllimi pul almağa vadar edən direktorda deyil.
Çünki müəllim pul tələb edəndə "direktorun payı"nı verdiyini deyir, direktor da müəllimdən aylıq haqq istəyəndə "yuxarılara haqq ödəyirəm" söyləyir.
"Bu dünyada pulsuz heç nə olmur". Bunu müəllim birinci sinif şagirdinə deyir.
Yenə də iş oğlumda deyil.
Azərbaycanda məktəblərində on minlərlə belə cocuq oxuyur.
Və onlardan da ən iyrənc şəkildə pullar tələb olunur.
Həmin cocuqların böyüyəndə haqq və ədalətə inanan, rüşvətxorluğu qəbul etməyən, çirkin işlərdən iyrənən adamlar olacağını düşünmək əbəsdir.
Zira həmin uşaq müəllimini pedaqoqluqla yanaşı, daim pul tələb etməklə məşğul olan adam kimi qavrayır.
Müəllimlərin belə dilənçiliyinin kökünü bəlkə də kəsmək olardı.
Bir şərtlə ki, valideynlər susmayaydı.
Onlar isə taleləriylə barışmış kütlə təsiri bağışlayır. İş elə əcaib və absurd həddə çatıb ki, müəllimin mütəmadi pul istəklərinə tam normal reaksiya verirlər.
Belə rəzalətlə barışmayan, pul vermək istəməyib səsini qaldıranı isə təxribatçı, həyasız, demaqoq adlandırırlar.
Təhsil naziri bilməmiş deyil ki, orta məktəblərin tam əksəriyyətində "hazırlaşdırma" adlı QİÇS təki təhlükəli mərəz yayılıb. 3-4, nadir hallarda 5-ci sinifdən sonra müəllimlərin bir parası dərslərdə mürgü vurur, tədrisin keyfiyyətini minimuma salırlar.
Bilərəkdən edirlər.
Övladının normal təhsil almasını istəyən valideyndən "hazırlaşdırmaq" adı ilə ayda 20-30 manat tələb etmək üçün.
Hər şagirddən, hər fənn üçün.
Sinifdə isə orta hesabla 25-30 şagird olur.
İndi hesablayın o müəllimin məscid qarşısında durub dilənən kimi əl açıb valideynlərdən aldığı pulu, o puldan direktora, oradan yuxarı, daha yuxarı çatanları.
Azərbaycanda orta məktəblər rüşvət taununa tutulub.
Lütfən, bu bəlanı yayan müəllimlərə onların az maaş almasıyla haqq qazandırmayın.
Həyatın çətinliyinə görə əxlaqsızlığa başladığını deyən kurtizanka, ailəsini dolandırmaq üçün rüşvət aldığını deyən məmur, ehtiyacı olduğu üçün xarici ölkənin agentindən pul aldığını söyləyən casus, tələsdiyi üçün xəstəni əməliyyat zamanı öldürən cərrahın dediklərini qəbul edirsinizmi?
Bəs onda rüşvət əxlaqsızlığına qurşanan müəllimə nədən haqq qazandırırıq - bəlli deyil.
Nə yaxşı ki, rüşvət almayan, bisavad müəlliflərin "dərslik" və "dərs vəsait"lərini şagirdlərə sırımayan, uşaqları şikəst mənəviyyatlı erzas-vətəndaşlara döndərməyən müəllimlər də var.
Təhsil Nazirliyi bu adamları qorumalıdır.
Övladları məktəbdə oxuyan valideynlərin isə küçədə dilənçilərə nəzir vermələrinə və ya xeyriyyəçilik etmələrinə ehtiyac qalmır.
Bunu da nazirlik bilməlidir.

