Reklam verin!
May 17, 2008 11:31 tarixində, Mahatma tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:57

Neft və hüquq. Bu iki anlam Azərbaycanda bir-birlərinə qənim kəsilmiş iki ünsür, həyatı müəyyənləşdirən dominant halına gəlib.

neftÖlkənin neft ixracından milyardlar əldə olunsa da, adi vətəndaş o pulların həyatına təsir effektini az qala sıfır səviyyəsində görür.

Təbii, neft satışından gələn pullar maaşların artırılması, yolların çəkilməsi, büdcə təşkilatlarında çalışanların rifahının yaxşılaşdırılması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, yeni körpülər və yolayrıclarının tikilməsi və sair və ilaxır (siyahını özünüz davam etdirin) mənalı, məntiqli, gözəl, ölkənin rifahı, firavanlığı, inkişafı, tərəqqisi (yenə də siz davam etdirin) üçün xərclənir.



Neft xalqın mülkiyyətidir və xalq üçün xərclənir.

Hər halda şüarlarda belə deyilir, küçələrdəki plakatlara belə yazılır, qəzetlərdəki hərflərin düzümü bu forma alır və mən də illərdən bəri inanmağa çalışıram, amma çox zərərli, xəbis və özümə düşmən element olduğumdandır bəlkə də ki, heç inanan bilmirəm.

Hüquqa gəldikdə isə, Azərbaycanda yüzlərlə qanun, minlərlə hüquqşünas və onlarla deputat var ki, onlar bu anlamın bərqərar olması, güclənməsi, cəmiyyətin və həyatın hər sahəsinə (burada da - sonuncu dəfə - sonrakı sözləri siz deyin) sirayət etdirməyə çalışırlar.

Hüquq kəlməsi pompa ilə günlərimizə vurulsa da, addımbaşı pozulur, tapdanır, ayaqlanır və saya salınmır.

Neftimiz var, nə zamansa tükənəcək.

Hüququmuz da var, amma azdır və çoxalacağını vəd edirlər.

Neft azaldıqca hüquqlar artasıdır və tərsinə, neft çox olduqca hüquqlar az olur.

Neft insanı bəzən öldürür.

Azərbaycanda ələlxüsus.

Bakı-Astara avtomagistralının 16-cı kilometrində, Qaradağ rayonunda neft buruğundan asılmış kişinin meyidi tapılıb.

Ölümünə neft iyi qatmış bu insanın üstündə, yəni ciblərində sənədləri olmadığından onun kimliyini müəyyənləşdirə bilməyiblər.

Qaradağ polisi və prokurorluğunun həmin buruğun yanına gedən işçiləri də adamı tanımayıblar ki, ad və soyadını, kim olduğunu bilsinlər.

Məhkəmə-Tibb Ekspertizası İnstitutunun işçiləri də deyiblər ki, meyidin üzərində zorakılıq izləri yoxdur.

Yəni adam özünü asıb.

Azərbaycanda hüquq da adam öldürür.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində olduğu kimi. Orada odlu silahla qətlə yetirilmiş Şahlar Abbasovun meyidi tapılıb. Sabunçu polisinin 13-cü bölməsinin aktiv, operativ və əməliyyat tədbirləri nəticəsində qatil olduğu güman edilən - polisin məlumatında "qatil" deyilir - şəxs tutulub ki, o da Cavad Talıbovdur.

İxtisasca vəkil olan Talıbovun üstündən "Makarov" tapançası çıxıb.

Sən demə, Cavadovun mülki iddia qaldırdığı məhkəmə prosesndə Talıbov ona vəkillik edib və işi udub. Amma Talıbov vəkilinə vəd etdiyi $2500-ü verməyib. Vəkillə müvəkkil arasında pul mübahisəsi qətllə başa çatıb.

Cavad Talıbovun Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmaması, ictimai vəkil təki fəaliyyət göstərməsi də məsələni dəyişmir.

Vəkil hüquqlarını müdafiə etdiyi adamın iddiası ilə bağlı işi udandan sonra onu güllələyir.

Hadisələrin belə dramatik məcrada inkişafına və hər iki olayın apogey nöqtəsinin dəmirdə olması da ibrətamizdir.

Buruq və güllə dəmirdən hazırlanır: biri özünü polad konstruksiyaya atdığı ipdən asıb, o biri də dəmirdən olan tapançanın içindəki mis-qurğuşun başlıqlı güllə ilə pul tələb etdiyi adamı vurub.

Neft, hüquq və dəmir insan həyatına son qoyan nəsnələr rolunda çıxış edir.

Yol kənarında və Bakıxanov qəsəbəsində baş verən hadisələr bəlkə də freydist təfəkkür daşıyıcıları üçün bir "message", Yunq və ya Kastaneda pərəstişkarlarına siqnal, Borxes və ya Murakami fanatlarına açıq mətnli ismarıcdır.

Di gəl, indi onların nə dediklərini bilinməz.

Ölülər susur. Dirilər isə həmişəki kimi, dəmir, neft və hüquq axtarışındadır.

Çünki dəmirlə nefti çıxarıb onun verdiyi pullarla hüququ təmin etmək gərəkdir. Və hüquq dəmirlə neftin ortaya gətirdiyi yoxsulluq, ya da zənginliyin qarşısında həmişə geri çəkilib.

Bir halda sadəcə, qaçıb yoxa çıxıb, digər halda isə müti görkəm alaraq gözlərini yumaraq özünü görməməz Femida adlandırıb.

2009-2011-ci illərdə neft satışından ölkənin ən azı $60 milyard əldə edəcəyi gözlənilir. Dünya bazarlarında xam neftin bir barrelinin qiyməti $70 olarsa, bu müddət ərzində hər il orta hesabla $18 milyard qazanc götürüləcək.

Lakin rəqəmlər daha böyük olasıdır, çünki Azərbaycanın "Azəri Light" markalı neftinin bir barreli dünya bazarında təxminən $100-115 arasında satılır. Belədə, 2009-2011-ci illərdə neftin orta illik qiyməti bir barrel üçün $75-dən aşağı olmayacaq.

Və əgər neftin qiyməti $70 olarsa, "əsrin müqaviləsi" çərçivəsində ümumi gəlirlər $350 milyard təşkil edəcək.

Bu, ən aşağı həddir.

Demokratiya, neft və hüquq üçün…


Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha